Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO ilə Columbia Shipmanagement şirkəti birgə müəssisə yaradır 23.10.2018 14:07 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır. Bununla bağlı Gəmiçiliyin sədri Rauf Vəliyev və “Columbia Shipmanagement”-in sədri Henrix Şüller arasında anlaşma memorandumu imzalanıb. Yeni birgə müəssisə vasitəsilə ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Belə ki, müəssisə beynəlxalq sularda böyük həcmli tankerlərin istismarı ilə bağlı təcrübə mübadiləsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçilərinə və ofis heyətinə təlimlərin keçirilməsi və yeni xarici layihələrdə Gəmiçiliyin iştirakının təmin edilməsi üçün əsaslı zəmin yaradacaq. Tərəflər arasında birgə müəssisənin yaradılması üçün danışıqların davam etdirilməsi, tələb olunan texniki-iqtisadi sənədlərin hazırlanması ilə bağlı razılıq əldə ediliblər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Columbia Shipmanagement” arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Elə bu əməkdaşlığın nəticəsi olaraq hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçiləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə keçirlər. Birgə həyata keçirilən bu layihədən Gəmiçiliyin il ərzində ümumilikdə 20-dən çox dənizçisi faydalanacaq.