Mühafizə siyasəti
Gəmidə sərnişin və heyətin, əmlak və avadanlığın, ətraf mühitin təhlükəsizliyini təmin edən qaydalara zidd olan hərəkət və hadisələrin qarşısını almaq məqsədi ilə lazımi təhlükəsizlik tədbirlərini yaratmaq və tətbiq etməklə təhlükəsiz iş şəraitinin təmin edilməsi Cəmiyyətin mühafizə siyasətinə daxildir. Gəmi Mühafizə Planı (GMP) Cəmiyyətin idarəçiliyi altında fəaliyyət göstərən gəmilərdə mühafizənin inkişaf etdirilməsi üçün hər tərəfli ölçü tədbirlərini özündə əks etdirir, həmçinin bir çox təhlükələrə cavab olaraq məsləhət görülən proseslərin şərh və izahını verir. Gəmi Mühafizə Planına əsasən mühafizə öhdəlikləri olan, təyin edilmiş heyət üzvləri öz üzərinə düşən məsuliyyət və planın məzmunundan xəbərdar olmalıdırlar. Bütün digər heyət üzvləri də GMP-nin müvafiq bəndləri ilə tanış olmalı və bu barədə kifayət qədər biliyə malik olmalıdırlar. Ən azından müxtəlif mühafizə səviyyələrinin məğzi və məntiqi tələbləri barədə məlumatları olmalıdır.
Bu siyasəti tətbiq etmək üçün, şirkət aşağıdakı tələblərə cavab verən mühafizə sistemini işləyib hazırlamışdır:
- Gəminin mühafizəsinin qiymətləndirilməsinə rəhbərlik etmək və hər gəmi üçün spesifik gəmi mühafizə planı hazırlamaq;
- Gəmi Liman Vasitələrinin Mühafizəsi Beynəlxalq Məcəlləsinin (GLVMBM) A və B hissələrinin tələblərinə əsasən Mühafizə planında edilmiş dəyişikliklərə uyğun düzəlişlərin aparılması və onun prosedurlarının tətbiq edilməsini müntəzəm olaraq yoxlamaq və vaxtaşırı daxili auditlər aparmaq;
- Mühafizə təhlükələrinin aşkarlanması və potensial təhlükələrə qarşı profilaktik tədbirlərin görülməsi.
- Şirkətdə və ayrı – ayrı gəmilərdə mühafizə üzrə ümumi məsuliyyəti olan müvafiq işçi heyətinin təyin edilməsi.
- Məsul orqanlarla əməkdaşlıq və onların məsləhətinə uyğun hərəkət etmək.
- Mühafizə insidentləri üzrə hesabat və uçot sisteminin müəyyən edilməsi.
- Şirkətin işçiləri üçün geniş təlim məşqləri təşkil etmək;
- Şirkətin işçiləri arasında mühafizə tədbirlərinə diqqətliliyi (sayıqlığı) aktiv şəkildə inkişaf etdirmək;
Bununla yanaşı, Şirkət Mühafizəyə məsul şəxsin, kapitanın və gəmidə mühafizəyə cavabdeh şəxsin öz vəzifə və öhdəliklərini, SOLAS -74 beynəlxalq məcəlləsinin XI/2 fəslinə uyğun olaraq icra etməsi üçün zəruri dəstəyin verilməsinə də tərəfdardır və müntəzəm olaraq sistemli şəkildə, öz mühafizə siyasətini və müvafiq mühafizə tədbirlərini nəzərdən keçirir, onların effektiv olmasını təmin edir.
Məqsəd:
- Gəminin mühafizə prosedurları ilə təmin olunması və limanların, ətraf ərazilərdəki birliklərin təhlükəsizliyinin qorunub saxlanılmasına yardımçı olmaq;
- Gəmilərin, heyətin, şərnişinlərin, liman işçilərinin və ətraf mühitin təhlükələrə məruz qalma dərəcəsini azaltmaq üçün mühafizə tədbirləri yaratmaq;
- Şirkətin quruda və dənizdə(gəmidə) olan heyət üzvlərinin mühafizə üzrə bilik və bacarıqlarını inkişaf etdirmək;
Mümkün təhlükəli hadisələrin baş verməsi ilə əlaqəli fövqəladə vəziyyət üçün dərhal tədbirlərin görülməsinə hazır olmaq.