Personalın İdarəedilməsi Komitəsi
ASCO-nun Nizamnaməsinin 7.1.16, 7.1.17 və 7.3-cü bəndlərinə əsasən ASCO-nun 2018-ci il 8 oktyabr tarixli 194 nömrəli əmri ilə ASCO daxilində insan resurslarının idarəedilməsi ilə bağlı mövcud olan prosedurların daha şəffaf, effektiv üsullarla həyata keçirilməsini təmin etmək üçün bu sahəyə dair beynəlxalq gəmiçilikdə qəbul olunmuş prinsiplər və təcrübələrə uyğun operativ, işlək icra mexanizmli daxili sənədin təsdiq edilməsi, işə qəbul, başqa işə keçirilmə məsələləri ilə bağlı qərar verilməsi, müvafiq kadrlarla əmək müqavilələrinin bağlanılması, əməyin ödənilməsi dərəcələrinin, əmək haqqına əlavələrin müəyyən edilməsi, ştat sayı və cədvəllərinin təsdiqi üçün təkliflərin verilməsi və ya təsdiq olunması, o cümlədən insan resurslarının idarəedilməsi ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsi üçün kollegial qurum olan Personalın İdarəedilməsi Komitəsi yaradılmış, onun əsasnaməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə insan resurslarının idarəedilməsi Qaydaları” təsdiq olunmuşdur. Komitənin əsas məqsədi ASCO-nun sədri tərəfindən müəyyən edilmiş işçilərə münasibətdə ASCO adından işəgötürən funksiyalarının yerinə yetirilməsi, ASCO-nun insan resurslarının idarəedilməsi qaydalarına əsasən müvafiq vəzifələrin icra edilməsi, habelə ASCO üzrə insan resurslarının idarəedilməsi ilə bağlı işlərin (tədbirlərin) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, beynəlxalq gəmiçilik sahəsində qəbul olunmuş prinsiplərə uyğun təşkil edilməsindən ibarətdir.
Komitə öz işini Komitə üzvlərinin (Komitə sədri, onun müavinləri və digər üzvlər) müvafiq qaydada iştirak etdikləri iclaslarda, eləcə də iclaslar keçirilmədən Komitə üzvlərinin və ya yalnız Komitə sədrinin imzaladıqları (təsdiq etdikləri) qərarların qəbul olunması yolu ilə təşkil edir.
Komitənin hüquq və vəzifələri aşağıdakılardır:
- ASCO sədri tərəfindən müəyyən edilmiş işçilərə münasibətdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq ASCO adından işəgötürən funksiyalarını və vəzifələrini yerinə yetirmək, o cümlədən müvafiq vəzifələr (peşələr) üzrə işçilərlə əmək müqaviləsi bağlamaq, bağlanmış əmək müqavilələrini ləğv etmək, işçilər barəsində intizam tənbehi tətbiq etmək və ya həvəsləndirici tədbir görmək, onların əməyinin ödənilməsi dərəcəsini dəyişdirmək, ASCO-nun strukturuna daxil olan qurumlarda insan resurslarının idarəedilməsi işinə nəzarət etmək;
- Müsahibələri keçirmək, iddiaçılar arasından vakansiyanın tələblərinə uyğun olanını seçmək və seçimin nəticəsinə əsasən müvafiq tədbir görmək;
- İddiaçıların Ehtiyat Kadrlar Bazasına (EKB) daxil edilməsi barədə qərar vermək və EKB üçün elanları təsdiq etmək;
- Test imtahanlarının, sınaq tapşırığının nəticələrindən və əməyin ödənilməsi dərəcələrinin artırılması barədə qərarlardan verilən şikayətləri araşdırmaq və araşdırmanın nəticəsinə uyğun izah vermək;
- Əməyin ödənilməsi dərəcələrinin artırılması ilə bağlı hazırlanmış biletləri və müsabiqə ilə əlaqədar test tapşırıqlarını təsdiq etmək;
- ASCO üzrə qulluqçuların əməyinin ödənilməsi dərəcələrinin dəyişdirilməsi məsələsinə baxmaq və bununla bağlı qərar vermək;
- Test tapşırıqlarının elektron bazasına çıxışı olan şəxsləri müəyyən etmək;
- Səlahiyyəti çərçivəsində ASCO üzrə kadrların seçilməsi, yerləşdirilməsi, yaranmış vakansiyaların idarəedilməsi, elan olunması, müsabiqələrin keçirilməsi ilə əlaqədar qərarlar vermək və bununla bağlı qurumlarda aparılan işlərə nəzarəti həyata keçirmək;
- Vəzifə və funksiyalarının icrası ilə bağlı ASCO-nun aparatının struktur bölmələrindən və tabeliyində olan qurumlardan məlumatların təqdim edilməsini və zəruri tədbirlərin həyata keçirilməsini tələb etmək;
- İxtisar olunan işçilərin ASCO üzrə mövcud olan digər vakansiyalarda yerləşdirilməsi barədə qərar vermək;
- Təsdiq olunmuş ştat cədvəlləri üzrə əməyin ödənilmə dərəcələrinin, habelə ASCO sədri və Komitənin nomenklaturu olan işçilərin əmək haqlarına edilmiş əlavələrin faktiki vəziyyətə, yerinə yetirilən işin həcminə uyğunluğunu müəyyən etmək və bununla bağlı təkliflər vermək;
- Qurumlar arasında kadrların idarəedilməsi prosesini əlaqələndirmək;
- ASCO-nun kadrların (insan resurslarının) idarəedilməsi ilə bağlı məsələləri tənzimləyən daxili sənədlərin hazırlanması və təkmilləşdirilməsi barədə ASCO sədrinə təkliflər vermək;
- ASCO-nun kadrların idarəedilməsini tənzimləyən daxili sənədlərinin tətbiqi ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul etmək (sənədlər təsdiq etmək);
- Müsabiqə nəticələri barədə şübhə yarandıqda, yoxlamaların aparılması barədə qərar qəbul etmək və bununla bağlı aidiyyəti struktur bölmələrə göstəriş vermək;
- Müvafiq vəzifələr (peşələr) üzrə müsabiqələrin keçirilməsinin qurumlara həvalə edilməsi barədə qərar qəbul etmək;
- Müsabiqə ilə əlaqədar testlərin hazırlanması, imtahanlara nəzarətin həyata keçirilməsi və müsahibələrdə rəylərin verilməsi məqsədilə kənar məsləhətçiləri, nəzarətçiləri və ekspertləri cəlb etmək;
- Vakansiyanın ləğv edilməsi barədə qərar vermək;
- ASCO üzrə kadrların seçilməsi, yerləşdirilməsi, yaranmış vakansiyanın və insan resurslarının idarəedilməsi sahəsində ASCO-nun daxili sənədləri ilə tənzimlənməyən məsələlər üzrə AR qanunvericiliyinə və ASCO-nun daxili sənədlərinə zidd olmayan qərarlar qəbul etmək.