× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İdarə heyəti

ASCO-nun İdarə Heyəti onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən kollegial icra orqanıdır. İdarə Heyətinin səlahiyyətləri ASCO-nun Nizamnaməsi ilə tənzimlənir. İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 7 (yeddi) üzvdən – ASCO-nun sədrindən, ASCO sədrinin birinci müavinindən və ASCO sədrinin 5 (beş) müavinindən ibarətdir. İdarə Heyətinin fəaliyyətinə ASCO-nun sədri rəhbərlik edir.

İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmayaraq keçirilir və İdarə Heyətinin sədri (ASCO-nun sədri olmadıqda, onun birinci müavini) iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvləri və Müşahidə Şurası çıxış edir. İdarə Heyətinin iclasında hər bir üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici olur. İdarə Heyətinin iclasları əyani və distant formada keçirilə bilər. İdarə Heyətinin iclaslarının çağırılması, keçirilməsi və qərarların qəbul edilməsi ilə bağlı qaydalar Azərbaycan İnvestisiya Holdinqinin təsdiq etdiyi İdarə Heyəti haqqında əsasnamə ilə müəyyən edilir.

 

            İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

  • ASCO-nun fəaliyyətini təşkil etmək;
  • ASCO-nun Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Müşahidə Şurasına təkliflər vermək və sənədlər (o cümlədən ASCO-nun illik və rüblük hesabatlarını, habelə strateji planlarının icrası barədə hesabatları) təqdim etmək;
  • ASCO-nun Nizamnaməsinə, habelə nizamnamə kapitalına dəyişikliklər edilməsi barədə Ümumi Yığıncağa təkliflər verilməsi üçün Müşahidə Şurasına müraciət etmək;
  • ASCO-nun inkişaf strategiyasının formalaşdırılması məqsədilə Müşahidə Şurasına təkliflər vermək;
  • Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarlarının icrasını təmin etmək;
  • ASCO-nun xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri ASCO-nun aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Ümumi Yığıncağa təkliflər verilməsi üçün Müşahidə Şurasına müraciət etmək, həmçinin Müşahidə Şurası tərəfindən müəyyən edilmiş səlahiyyət hədləri daxilində aidiyyəti şəxslə əqdi təsdiq etmək;
    • ASCO-nun strukturuna daxil olan qurumların, törəmə və asılı təsərrüfat cəmiyyətlərin fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək;
    • ASCO-nun strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair qərar qəbul etmək;
    • ASCO-nun strukturuna daxil olan qurumlar, törəmə və asılı təsərrüfat cəmiyyətləri arasında mübahisələrin həlli istiqamətində tədbirlər görmək;
    • ASCO-nun xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin mәqsәdәuyğunluğu barədə qərar qəbul etmək;
    • ASCO-nun mərkəzləşdirilmiş fondlarının yaradılmasına və istifadəsinə dair Müşahidə Şurasına təkliflər vermək;
    • İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
    • ASCO-nun Nizamnaməsi ilə Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll  etmək.

 

ASCO-nun sədri:

  • ASCO-nun işini təşkil edir və onun cari fəaliyyətinə rəhbərlik edir;
  • ASCO-nun korporativ strukturunu və ştat cədvəlini Müşahidə Şurası ilə razılaşdırmaqla təsdiq edir;
  • ASCO qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir və onun səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər görür;
    • ASCO-nun struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
    • ASCO-nun Nizamnaməsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, ASCO-nun işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı qərarlar qəbul edir;
    • ASCO-nun işçilərinin vəzifə təlimatlarını təsdiq edir;
    • ASCO-nun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
    • etibarnamələr verir, banklarda hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;
      • dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə ASCO-nu təmsil edir;
      • ASCO-nun Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində ASCO-nun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
      • ASCO-nun əmlakından bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə edir, ASCO-nun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini Müşahidə Şurası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir;
      • ASCO-nun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
      • Müşahidə Şurasının səlahiyyət hədlərinə daxil edilmiş aidiyyəti şəxslərlə əqdlərin təsdiq edilməsi barədə Müşahidə Şurasına təkliflər verir;
      • Müşahidə Şurası ilə razılaşdırmaqla, ASCO-nun törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, həmçinin onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
      • Ümumi Yığıncağın, Müşahidə Şurasının və İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələri həll edir.