İxtisaslaşdırılmış offşor xidmətlər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Dənizdə neft hasilatı ilə bağlı işlərin təmin edilməsi üçün ASCO-nun sərəncamında 200-dən çox müxtəlif təyinatlı gəmi vardır:
Kran gəmiləri – 25 tondan 2500 tonadək yükqaldırma qabiliyyətli kranların quraşdırıldığı gəmilər;
Təchizat-yedək gəmiləri – özü hərəkətetməyən gəmilərin, üzən qazma qurğularının, stasionar platformaların yedəyə alınmasını, dəniz özülləri və qazma qurğularını yanacaq-sürtkü materialları, içməli su, ərzaq məsulları və s. ilə təmin edən universal gəmilər;
Sərnişin gəmiləri – neftçiləri Neft Daşlarına, Bakıdan uzaq məsafədə yerləşən dəniz özüllərinə daşıyan 600 yerlik sərnişin gəmiləri və sahil rayonlarında növbənin dəyişdirilməsini təmin edən kiçik sərnişin katerləri;
Borudüzən gəmilər – dənizin 300 metrədək dərinliyində sualtı boru kəmərlərinin çəkilişini və təmirini həyata keçirən gəmilər;
Dalğıc gəmiləri – 300 m dərinliyə enə bilən dalğıc qurğulu gəmilər və dalğıc katerləri;
Yanğınsöndürən gəmilər – neft-qaz hasilatı və qazma rayonlarında yanğından mühafizə xidmətini həyata keçirən gəmilər;
Tankerlər – içməli suyun, metanolun, yanacaq-sürtkü materiallarının daşınmasını təmin edən gəmilər;
Barjlar – 2000 tondan 15000 tonadək yükgötürmə qabiliyyətinə malik üzən vasitələr.