Xəbərlər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasimin iştirakçılarına 22.10.2018 14:01 Hörmətli mərasim iştirakçıları! Sizi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 160 illiyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ölkəmizin ən qocaman şirkətlərindəndir. Onun bünövrəsinin qoyulması Bakı şəhərinin XIX əsrin ortalarından iri neft sənayesi mərkəzi kimi şöhrət tapmağa başladığı vaxta təsadüf edir. Dünyada ilk neftdaşıyan barjın, ilk daxiliyanma mühərrikli və ilk reversivli iki mühərriklə çalışan gəmilərin Xəzərdə istismara verilməsi, ilk tankerin Xəzərdə səfərlər etməsi Azərbaycanda bu dövr gəmiçilik fəaliyyətinin yaddaqalan səhifələrindəndir. Tarixi boyunca hər bir mərhələdə milli iqtisadiyyatın inkişafına qüvvətli təsir göstərmiş gəmiçilik ölkəmizdə ötən müddət ərzində mühüm hadisələrlə zəngin şərəfli bir yol keçmişdir. Ümummilli lider Heydər Əliyev respublikamızın bütövlükdə nəqliyyat sisteminə, o cümlədən iqtisadi əlaqələrin formalaşmasında əvəzsiz rol oynayan dəniz nəqliyyatına daim xüsusi diqqət yetirmişdir. Dənizçilərimizin fədakar əməyini həmişə layiqincə qiymətləndirən ulu öndərin gəmiçiliyin donanmasının modernləşdirilməsində müstəsna xidmətləri vardır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə həmin illərdə ardıcıl həyata keçirilmiş kompleks tədbirlərin nəticəsidir ki, Azərbaycan indi davamlı yüksəliş yolunda inamla irəliləyir və gəmiçilik sahəsində kifayət qədər yüksək potensiala malikdir. Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, o cümlədən iki donanmanın birləşdirilməsi yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir. Ənənələrinə sadiq qalaraq 160 illik təcrübəsindən lazımınca bəhrələnən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətləri gerçəkləşdirməklə iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir. İnanıram ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yenə də ahəngdar iş rejimində çalışaraq ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsi üçün üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, Xəzərdə özünün aparıcı mövqeyini qoruyacaqdır. Sizə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivinə gələcək işlərinizdə yeni-yeni nailiyyətlər və bütün dənizçilərimizə aydın səma arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 oktyabr 2018-ci il.