Xəbərlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı 28.08.2018 09:05 Son zamanlar dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris müəssisələrinin gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işlə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar daxil olmaqdadır. Belə müəssisələr özlərinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə aid olduqlarını, müəssisəni bitirənlərin birbaşa olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə qəbul ediləcəklərini bildirir və bu yolla dənizçi peşəsində işləmək arzusunda olan şəxsləri aldadırlar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Gəmiçilik) qeyd edir ki, dənizçilərin (sıravi heyət) işə qəbulu, əsasən yaranmış tələbat daxilində Gəmiçiliyin tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. Əlavə tələbat və təcili zərurət yarandığı, o cümlədən Gəmiçiliyin tabeliyində olan təhsil müəssisələrini bitirmiş müvafiq kadr olmadığı halda, Gəmiçilik kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə qəbulu məsələsinə baxır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər tədris müəssisələrinin Gəmiçiliyə aid olmadığını bütün maraqlı şəxslərin diqqətinə çatdırır və Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”ndan kənar işə qəbulla bağlı verilən vədlərə inanmamağa çağırırıq.