Xəbərlər Neft-qaz layihələrində mühüm rol oynayan gəmi əsaslı təmir olunub 21.08.2018 08:50 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanmasına məxsus “Nefteqaz-64” təchizat-yedək gəmisi əsaslı təmir olunub. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan proses müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub, gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan başqa, baş mühərriklərin hər biri, üç ədəd köməkçi mühərrik, nasoslar, boru sistemləri əsaslı təmir olunub. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib. Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb. Qeyd edək ki, “Nefteqaz-64” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.