× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Yeni alınan gəmilərdə Azərbaycan bayrağı qaldırılıb

Türkiyənin Yalova bölgəsində yerləşən “Tersan” tərsanəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni aldığı, milli musiqimizin əbədi parlayan ulduzu Üzeyir Hacıbəylinin və poeziyamızın görkəmli nümayəndəsi Natəvanın adlarını daşıyan iki quru yük gəmisində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan və Türkiyədən rəsmi şəxslər, qonaqlar, gəmiçilik şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə davamlı inkişafın təmin edildiyini, Azərbaycanın iqtisadi və sosial həyatda böyük nailiyyətlərə imza atdığını diqqətə çatdırıb. O vurğulayıb ki, məhz Heydər Əliyevin uzun illər boyu göstərdiyi daimi qayğısı və diqqəti sayəsində Azərbaycan gəmiçiliyi bu gün böyük inkişaf yolundadır. Çox böyük tarixə malik olan iki böyük dənizçilik təşkilatının – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər Dəniz Neft Donanmasının bazasında yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan bayrağı altında üzən gəmilərin dünya sularına dönüşünün təmin edilməsidir. “Oktyabr ayının 22-də biz yeni Cəmiyyətin yaradılmasının 1 illiyini qeyd edəcəyik. Məhz bu ərəfədə Cəmiyyətin yeni alınmış 2 gəmisində milli bayragımızın qaldırılması bizim kollektivdə böyük ruh yüksəkliyi yaradır.  Yeni gəmilərin  alınması Azərbaycanda gəmi mütəxəssisləri üçün yeni iş yerlərinin açılmasına, beynəlxalq yükdaşımalarda dayanıqlı mövqelərin əldə edilməsinə, eləcə də dövlət bayrağımızı dünya sularında və beynəlxalq limanlarda dalğalandırmaqla ölkəmizin təbliğinə və dəniz nəqliyyatının inkişafına xidmət edir” – deyən Rauf Vəliyev bu əlamətdar hadisə münasibəti ilə bütün dənizçiləri təbrik edib, xoş arzularını çatdırıb.

Yeni gəmilərin alınmasını Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsi hesab edən  Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dəniz donanmasının inkişafı sahəsində Prezident İlham Əliyevin gördüyü işlərin Vətənimizin tərəqqisinə xidmət etdiyini, dəniz sularında üzən gəmilərimizin sayının ilbəil artmasının ölkəmizin inkişaf göstəricilərini şərtləndirən vacib amillərdən olduğunu qeyd edib. Tərsanənin meneceri Osman Çalan  Cəmiyyətin kollektivini təbrik edib, dənizçilərə uğurlu səfərlər arzulayıb. Kapitan Şəmsəddin Mehrəliyev dənizçilərin uzaq sahillərdə Azərbaycanın bayrağını qürurla dalğalandıracaqlarını, dahi bəstəkarın və poeziyamızın görkəmli nümayəndəsinin adlarını həmişə uca tutacaqlarını bildirib.

Çıxışlardan sonra hər iki gəmidə dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırılıb. Tədbir iştirakçıları gəmilərə baxış keçiriblər. Hər birinin dedveyti 5490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,8 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına çəlb ediləcək.

Sonda dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin sədası altında gəmilər dənizə yola salınıb.