Xəbərlər Mükafat sahiblərinə təqdim edildi 14.07.2014 15:01 Hələ Ümummilli Liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə dəniz nəqliyyatı sahəsində çalışanların fədakar əməyi həmişə layiqincə qiymətləndirilirdi. Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də dənizçilərə diqqət və qayğısını əsirgəmir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri işləri yüksək dəyərləndirir. Dövlət başçımızın elə bu yaxınlarda 18 dəniz nəqliyyatı işçisinin “Tərəqqi” medalı, 3 nəfərin “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi barədə sərəncamları da buna sübutdur. Bu günlərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində mükafatların təqdimat mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev demişdir ki, Cəmiyyət yaranandan kollektivin həyatında yaddaqalan günlər az olmamışdır. Dövlət başçısının 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Dənizçi günü”nün təsis edilməsinin sevincini birgə yaşamışıq. İyunun 25-də isə ilk dəfə “Dənizçi günü”nü böyük təntənə ilə qeyd etdik. Həmin gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir qrup dəniz nəqliyyatı işçisinin təltif edilməsi ilə bağlı sərəncamları isə sevincimizə sevinc qatdı. Bu sərəncamlarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 14 işçisi “Tərəqqi” medalına, 2 nəfər isə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. Ölkə başçısının 25 iyun 2014-ci il tarixli sərəncamlarını bütün dəniz nəqliyyatı işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çoxminli dənizçilər kollektivi adından bir daha möhtərəm Prezidentimizə minnətdarlığını bildirmiş, yüksək etimada sanballı əmək nailiyyətləri ilə cavab verəcəklərinə əminliyini ifadə etmişdir. Sonra R. Vəliyev təltif olunanları təbrik etmiş və yüksək mükafatları sürəkli alqışlar altında sahiblərinə təqdim etmişdir. “Mühəndis Balarza Məmmədov” gəmisinin kapitanı Rəşid Abbasov, “Vaqif Cəfərov” gəmisinin baş mexaniki Sabir Atayev, “Prezident Heydər Əliyev” gəmisinin kapitanı Kamran İbrahimov, “Şirvan” gəmisinin kapitanı Xotkar Məmmədov, “Professor Gül” gəmi-bərəsinin baş mexaniki Tapdıq Tapdıqov, “Bibiheybət” Gəmi Təmiri Zavodu İstehsalat şöbəsinin rəisi İlham Cavadov, Xəzər Dəniz Neft Donanması Personalın idarəedilməsi və əmək haqqı şöbəsinin rəisi Seyfulla Əliyev, “AXDG” QSC İşlər idarəsinin rəisi Samir Abdullayev, Texniki şöbənin rəisi Siyasət Əliyev, Donanmanın texniki istismar departamentinin rəis müavini Şamil Novruzov, Donanmanın işinin planlaşdırılması və təhlili qrupunun mütəxəssisi Nikolay Trişev, 1 saylı poliklinikanın baş həkimi Təranə Nurəlibəyova, “Zığ” Gəmi Təmiri Zavodunun gəmi gövdə təmirçisi Niyaz Səfərov və Azərbaycan Dövlət Dəniz Akademiyası “Dəniz texnikası və texnologiyası” fakültəsinin dekanı Zahid Şərifova “Tərəqqi” medalları, “AXDG” QSC Donanmanın texniki-istismar departamentinin rəisi Balakişi Səfərova və Dəniz Nəqliyyatı Donanmasının baş mühəndisi Şahid Orucova “Əməkdar mühəndis” fəxri adının döş nişanları və vəsiqələri təqdim olunmuşdur. Çıxış edənlər dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmiş və bu etimadı daha yüksək əmək nailiyyətləri ilə doğruldacaqlarına söz vermişlər.