× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Qazaxıstanın Azərbaycandakı səfiri gəmi-muzeyin qonağı olub

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ailə üzvləri və qazaxıstanlı qonaqları ilə birgə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiya zallarını gəzərək Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar.

Muzeyin bələdçisi qonaqlara dünyanın ilk tanker-muzeyinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir. Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

Qeyd olunub ki, muzeyin zallarında müasir texnoloji avadanlıqlardan istifadə olunmaqla, bir sıra innovativ yeniliklər edilib. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.

Muzeylə tanışlıq səfirin, onun ailə üzvlərinin və qonaqlarının böyük marağına səbəb olub. Onlar “Fəxri Qonaqlar” kitabına ürək sözlərini yazaraq buradan xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.