Xəbərlər “Zəngilan” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb 16.05.2023 14:42 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan “Zəngilan” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınıb. Gəminin suya salınması BGZ-nin tikinti-quraşdırma sahəsindəki üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə həyata keçirilib. Yeni nəsil "Zəngilan" tankerinin suya salınmasına həsr olunmuş tədbirdə ASCO-nun sədri Rauf Vəliyev, İZİA-nın və BGZ-nin İdarə Həyətinin sədri Elşad Nuriyev, ASCO və BGZ-nin nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər. Neft və kimyəvi məhsullar daşımaq üçün nəzərdə tutulan bu tankerin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsinə uyğun olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don kanalından keçmək imkanına malikdir. “Zəngilan” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8 009 ton olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.