Xəbərlər “ASCO istiqrazları”nın təqdimat mərasimi keçirilib 28.12.2022 15:50 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə tədbir keçirilib. Mərasimdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, bank və sığorta şirkətlərinin rəhbərləri, dənizçilər və media nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə ASCO-nun zəngin tarixindən, çoxprofilli fəaliyyətindən bəhs edən video nümayiş olunub. Daha sonra “ASCO istiqrazları” haqqında hazırlanmış tanıtım videoçarxı təqdim edilib. Təqdimetmə mərasimində çıxış edən ASCO sədri Rauf Vəliyev bildirib ki, istiqrazlardan əldə olunan gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkəti olan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Bununla belə, tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq. Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov çıxışında ASCO-nun şəffaf və rəqabətədavamlı fəaliyyətinə diqqət çəkib: “ASCO ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Yeni buraxılan istiqrazlar hesabına isə şirkətin inkişafı üçün əlavə vəsait imkanı yaranacaq.” Çıxışlardan sonra istiqrazların şərtləri barədə məlumatları özündə əks etdirən təlimat videoçarxı təqdim olunub. Qeyd edək ki, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir. 100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilərlər. İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək. İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir. Dollarda yüksək gəlirli maliyyə aləti olan ASCO istiqrazları sahiblərinə 5 il müddətində zəmanətli qazanc vəd edir. Yeni tədavülə buraxılan istiqrazlar haqqında www.ascoistiqraz.az saytına daxil olmaqla və ya 1548 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə etmək mümkündür.