Xəbərlər Kəsdiyiniz qurbanlar Uca Tanrı dərgahında qəbul olunsun 08.07.2022 10:30 Hörmətli həmkarlar! İyulun 9-10-u dünya müsəlmanlarının ən əziz bayramıdır. Sizi xalqımızın mənəvi-əxlaqi dəyərlər sistemində xüsusi yeri olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət, doğma Azərbaycanımızın tərəqqisi, dəniz nəqliyyatının inkişafı naminə çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Odlar Yurdunun beşdə birinin yağı tapdağı altında olduğu illərdə ən böyük dualarımızdan biri ölkəmizin ərazi bütövlüyü ilə bağlı idi. Parlaq Zəfərdən sonra bu müqəddəs bayramın ayinlərini Uca Yaradana şükranlıq hissi ilə yerinə yetiririk. İnsanları mənəvi saflığa və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağa dəvət edən Qurban bayramının əsasında Uca Yaradana sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur. Xalqımızın etiqad azadlığını təmin etmək üçün əvəzsiz işlər görən Ümummilli liderimiz Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək deyib: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də bəşər övladına mərhəmət təlqin edən, birlik və qardaşlıq dini olan İslamın ümumbəşəri mahiyyətinə və müqəddəs mənəvi dəyərlərimizə ehtiramla yanaşılması böyük məmnunluq hisləri doğurur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa olunduğunu müşahidə etmək də qəlbində Allah sevgisi olan hər bir azərbaycanlı üçün olduqca xoşdur. Bayram günləri müsəlmanlar Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Başqa sözlə, digər müqəddəs bayramlarımız kimi, Qurban bayramı da sözün həqiqi mənasında cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və dövlətə sədaqətin təntənəsinə çevrilir. Qoy bu mübarək bayram günlərində xalqımızın rifahı və əmin-amanlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Uca Tanrı dərgahında qəbul olunsun və Yaradan mərhəmətini heç zaman xalqımızın və müstəqil Azərbaycanımızın üstündən əskik etməsin. Qurban bayramınız mübarək olsun! Rauf VƏLİYEV, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri