× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Əsasnamə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin

Apellyasiya Şurası haqqında

ƏSASNAMƏ

1.Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – ASCO) Apellyasiya Şurasının (bundan sonra – Şura) əsas vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkili qaydalarını, habelə şikayətlərə və qəbul edilən qərarlara dair tələbləri müəyyən edir.

1.2. Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin ASCO-nun və onun strukturuna daxil olan qurumların (o cümlədən paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ASCO-ya məxsus qurumların) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə (bundan sonra ‒ şikayət) baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını və digər normativ hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.5. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdikləri yazılı müraciət başa düşülür.

1.6. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

1.7. ASCO-nun rəhbərliyinin və Aparatının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Şuraya verilmiş şikayətlərə həmin Şurada baxılır.

1.8. ASCO-nun strukturuna daxil olan qurumların vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Şuraya verilmiş şikayətlərə Şurada o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq ASCO-nun özündə baxılmış olsun.

1.9. Şikayətə aşağıdakı hallarda Apellyasiya Şurasında baxıla bilməz:

1.9.1. şikayət bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

1.9.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozma əlamətləri müəyyən edildikdə (həmin əlamətlərə aid hissədə);

1.9.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Şura və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

1.9.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

1.9.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

  1. Şuranın vəzifələri

2.1. Şuranın vəzifələri aşağıdakılardır:

2.1.1. Şuraya daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;

2.1.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və dövlətə məxsus olan hüquqi şəxsin aidiyyəti vəzifəli şəxslərini Şuranın iclaslarına dəvət etmək;

2.1.3. Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.1.4. Şurada baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) ASCO-nun sədrinə və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.1.5. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.1.6. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin, habelə qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

2.1.7. Şuranın qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.1.8. qanunla, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

  1. Şuranın hüquqları

3.1. Öz vəzifələrini yerinə yetirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:

3.1.1. Şuraya daxil olan şikayətlərlə əlaqədar icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

3.1.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), ASCO-nun və onun strukturuna daxil olan qurumların aidiyyəti vəzifəli şəxslərinin, habelə digər əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.1.3. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkarlanmış nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı ASCO-nun vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

3.1.4. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı ASCO-nun vəzifəli şəxslərinin öz xidməti fəaliyyətinin icrası ilə bağlı kobud nöqsanlara yol verməsi, habelə hüquqi aktları pozması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsi üçün məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

3.1.5. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.1.6. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.1.7. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

3.1.8. Şuranın fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.1.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

  1. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibini (sədrini və digər altı üzvünü) ASCO-nun sədri müəyyən edir.

4.2. Şuranın sədri:

4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Şuranın adından çıxarılan qərarları, məktubları və Şuranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Şuranın digər üzvlərinin, habelə Şura Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı ASCO sədrinə təqdimatlar (təkliflər) verir;

4.2.4. Şuranın iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslara sədrlik edir;

4.2.5. Şuranın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.6. Şuranı təmsil edir.

4.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.3.3. Şuraya daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

4.3.4. Şuraya daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil olunmasını tələb etmək;

4.3.5. Şuraya daxil olan şikayətlərlə əlaqədar Şuranın adından qərar qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.3.6. Şura iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;

4.3.7. Şuranın qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;

4.3.8. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.3.9. Şuranın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.3.10. icra intizamına ciddi əməl etmək;

4.3.11. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.4. Şuranın cari fəaliyyətinin təşkili üçün Şuranın Katibliyi (bundan sonra ‒ Katiblik) yaradılır. Katibliyin rəhbərini və tərkibini Şura sədrinin təqdimatı (təklifi) əsasında ASCO-nun sədri təsdiq edir.

4.5. Şuranın sədri və ya digər üzvü baxılan şikayətin əvvəllər Şuradan kənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Şuranı bu barədə məlumatlandırmalı və həmin şikayətə baxılmada iştirak etməməlidir.

4.6. Katiblik:

4.6.1. Şuraya daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.6.2. Şuraya daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 3 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün ASCO-ya müraciət edir;

4.6.3. ASCO-nun təqdim etdiyi sənədlərin (materialların) tamlığını bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq yoxladıqdan sonra toplanmış sənədləri (materialları) Şuranın sədrinə və rəy verilməsi üçün Şuranın digər üzvlərinə göndərir;

4.6.4. bu Əsasnamənin 4.8-ci bəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Şuranın sədri ilə razılaşdırmaqla, Şuranın iclaslarını təşkil edir;

4.6.5. Şuranın iclaslarının keçiriləcəyi vaxt barədə Şuranın üzvlərinə, habelə bu Əsasnamənin 3.1.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış məlumat verir;

4.6.6. Şuranın iclasının protokolunu tərtib edir və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.6.7. Şuranın qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.6.8. Şuranın qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;

4.6.9. Şurada baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Şuranın sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

4.6.10. Şuraya daxil olan şikayətlər barədə zəruri məlumatları tələb olunan qaydada “Elektron hökumət” portalındakı “Dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir, habelə Şuranın iclaslarında baxılan məsələlər barədə məlumatı ASCO-nun rəsmi internet saytı vasitəsilə yayır;

4.6.11. Şuranın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın ASCO-nun rəsmi internet saytında yerləşdirilməsini və daim yenilənməsini təmin edir;

4.6.12. Şura sədrinin göstərişlərini icra edir;

4.6.13. Şuranın protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Şuraya daxil olmuş və toplanmış sənədləri saxlayır;

4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

4.7. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.

4.8. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndində nəzərdə tutulan rəylər 2 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

4.9. Şuranın iclası keçirilənədək bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildikdə, Apellyasiya Şurasında şikayətə mahiyyəti üzrə baxılmır və bu Əsasnamənin 5.6-cı və 5.7-ci bəndlərinə uyğun olaraq tədbirlər görülür.

4.10. Şuranın qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda, Şura Katibliyi tələb olunan sənədləri, o cümlədən Şurada baxılmış şikayəti, Şuranın qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, habelə şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, ASCO-nun və ya onun Apellyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları və digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

4.11. Şuranın sədri, digər üzvləri və (və ya) Katibliyinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının iclasına dəvət olunduqda iclasda iştirak etməlidirlər.

4.12. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının qərarı daxil olduqda, həmin qərarın bir ay müddətində (bu qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edilməsini, yol verilmiş qanun pozuntularının aradan qaldırılmasını, o cümlədən qanunsuz qərarların ləğv edilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını Şura və ASCO təmin etməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına və şikayətçiyə məktub göndərməlidirlər.

  1. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ünvanlandığı qurumun – Apellyasiya Şurasının adı;

5.1.2. şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);

5.1.3. şikayətçinin VÖEN-i;

5.1.4. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);

5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl ASCO-ya edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.1.6. icraatı təzələmək üçün təkrar şikayətlə müraciət etmək imkanı verən əsaslar;

5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.2. Şikayəti müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalayırlar.

5.3. Hüquqi şəxsin təqdim etdiyi şikayətə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.

5.4. Şikayətin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətə əlavə edilir.

5.5. Şikayət bu Əsasnamənin 5.1‒5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda, şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.7-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətçidən asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədləri (məlumatları) Şura əldə edir.

5.6. Şuraya daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.9.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılmaq üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiyə yazılı məlumat verilir.

5.7. Şurada mahiyyəti üzrə baxılmış şikayətlə bağlı şikayətçiyə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciətlə bağlı isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.

5.8. Şuraya şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən (şikayətçinin xəstəliyi, ölkənin hüdudlarından kənarda olması və s.) buraxıldıqda, şikayətçinin vəsatətinə əsasən Şuranın sədri həmin müddəti bərpa edir.

5.9. Şura daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğu verə bilər. Məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Şuranın fəaliyyətinə maneə kimi qiymətləndirilir.

  1. Şuranın iclasının keçirilməsi qaydası

6.1. Şuranın iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

6.2. Şuranın iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Şura sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.

6.3. Şuranın hər bir iclasının reqlamentini, müzakirə olunacaq müraciətlərdən asılı olaraq, Şuranın sədri müəyyənləşdirir.

6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Şuranın iclasında iştirak etmək hüququna malikdirlər. Şuranın iclasına dəvət olunmuş ASCO-nun, onun strukturuna daxil olan qurumların aidiyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılma və müvafiq qərar qəbul edilməsi üçün maneə deyildir.

6.5. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlilləri Şuranın üzvləri müzakirə edir və hər bir məsələyə ayrıca münasibət bildirirlər.

6.6. Şuranın iclasında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şura sədri axırıncı səs verir.

6.7. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Şuranın sədri, digər üzvlərindən biri və ya Katibliyinin rəhbəri məruzə edir.

6.8. Şuranın iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim olunmalıdır.

6.9. Şuranın iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Şuranın qərarları barədə məlumatı Katiblik ASCO-nun rəsmi internet saytı vasitəsilə yayır, habelə tələb olunan formada “Elektron hökumət” portalındakı “Dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir.

6.11. Şuranın iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.

6.12. Şuranın sədri üzrlü səbəblərlə (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) əlaqədar Şuranın iclaslarında iştirak edə bilmədikdə, ASCO-nun sədri Şura sədrinin səlahiyyətlərini öz müavinlərindən birinə həvalə edir.

6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Şuranın hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.

6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Şuranın üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiyə məlumat verilir.

6.15. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Şura üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

  1. Şuranın iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Şuranın iclasının nəticəsi Şura sədrinin və Katiblik rəhbərinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Şuranın iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasa sədrlik edən və iclasda iştirak edən Şura üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

7.2.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Şuranın iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. daxil olmuş şikayətlə bağlı Şuranın topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Şuranın qəbul etdiyi qərar.

7.3. Şura ASCO-nun qərarına, digər hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;

7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin;

7.3.3. qərar dəyişdirilsin;

7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilmişdirsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkəti etmək vəzifəsi dövlətə məxsus olan hüquqi şəxsin üzərinə qoyulmaqla);

7.3.5. şikayət üzrə icraata xitam verilsin.

7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən, şikayətin məzmunundan və işin hallarından asılı olaraq, qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:

7.4.1. şikayətin təmin edildiyi;

7.4.2. şikayətin qismən təmin edildiyi;

7.4.3. şikayətin təmin edilmədiyi;

7.4.4. şikayətin aidiyyəti dövlət orqanına və ya qurumuna baxılmaq və nəticəsi barədə Şuraya və şikayətçiyə məlumat verilmək üçün göndərildiyi.

7.5. Şikayət bu Əsasnamənin 1.8-ci və 1.9-cu bəndləri ilə müəyyən edilmiş qaydada daxil olduqda, Şuranın qəbul etdiyi qərarda şikayətin araşdırılması vəzifəsinin ASCO-nun, onun strukturuna daxil olan qurumların üzərinə qoyulması qadağandır.

7.6. Şuranın qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.6.1. giriş hissəsində Şuranın qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində qeyd olunan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;

7.6.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.6.3. əsaslandırıcı hissədə Şuranın əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

7.6.4. nəticə hissəsində Şuranın qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayət verilməsi qaydası.

7.7. Şikayətçi Şuranın qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.

7.8. Şuranın qərarının əslinin şikayətçiyə göndərilməsi və ya rəsmi təqdim edilməsi, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi məcburidir. Şuranın qərarlarının və məktublarının aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

7.9. Şuranın qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.

7.10. Şuranın iclası zamanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan biri müəyyən edilərsə, Şura şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.

7.11. Şuranın qərarı ASCO-ya, onun strukturuna daxil olan quruma daxil olduqdan sonra onlar qərarı bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edərək nəticəsi barədə Şuraya və şikayətçiyə rəsmi məlumat verməlidirlər.

7.12. ASCO, onun strukturuna daxil olan qurum bu Əsasnamənin 7.11-ci bəndində nəzərdə tutulmuş müddətdə Şuranın qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirərsə, yaxud Şuraya və şikayətçiyə zəruri məlumat və təsdiqedici sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, belə hal bu Əsasnamənin və icra intizamının pozulması kimi qiymətləndirilir.