ASCO gəmilərinin ötən il üzrə auditinin nəticələrinə dair iclas keçirilib

26.01.2021

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərinin ötən il üzrə auditinin nəticələrinə dair onlayn iclas keçirilib.

Müstəqil auditor Bəylər Ağayevin apardığı audit hesabatında ASCO gəmilərində sənədləşmə, heyətin hazırlığı, təlimlərin təşkili, yüklərin daşınması və qorunması, yanğından mühafizə avadanlıqlarının, xilasedici vasitələrinin texniki vəziyyəti kimi məsələlərə dair qeydə alınan nöqsanlar əksini tapıb.

Bəylər Ağayev bildirib ki, auditin məqsəd gəmilərin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun istismarına nail olmaqdır. Məhz, bu audit nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələlərində müsbət nəticələrə gətirib çıxarır.

İclasda ASCO sədri Rauf Vəliyev çıxış edərək gəmilərdə beynəlxalq standartlara uyğun auditin keçirilməsinin vacibliyini qeyd edib. O, ASCO gəmilərinin texniki vəziyyətinin yaxşılaşdırılması, gəmi heyət üzvlərinin müvafiq konvensiyalarının tələblərinə uyğun iş və istirahət yerləri ilə təmin edilməsi, həmçinin digər mövcud problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı qurumların nümayəndələrinə tapşırıqlarını verib.

Donanmaların əməkdaşları hesabatda yer alan nöqsanların əksəriyyətinin artıq aradan qaldırıldığını, digər qüsurların həlli istiqamətində tədbirlərin davam etdiyini bildiriblər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Neftçilər pr-ti, 2

Elektron bilet