ASCO dənizçiləri İon dənizində batmaq təhlükəsi ilə üzləşən üç miqrantın həyatını xilas edib

11.01.2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) xarici sularda üzən Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” gəmisi Yunanıstanın İon dənizində qəzaya uğrayan qayıqdakı miqrantların xilasetmə əməliyyatında iştirak edib.

Belə ki, hadisənin baş verdiyi vaxt  Rusiyanın Taqanroq limanından Albaniyanın Durres limanına gedən və qəzanın qeydə alındığı ərazinin yaxınlığında olan ASCO-nun “Maestro Niyazi” quru yük gəmisi bu gün yerli vaxtla 09:14-də daxil olmuş SOS siqnalı əsasında dərhal köməyə yollanıb.  Azərbaycan dənizçiləri təxirəsalınmaz və peşəkar yardım göstəriblər. Onların səyi nəticəsində Əfqanıstandan olan  1994-cü il təvəllüdlü Sultani Cəmşid, 2003-cü il təvəllüdlü Rzai Cabbar, 1996-cı il təvəllüdlü  Muhammed Rəşid adlı üç miqrantın həyatı xilas olunub, daha bir nəfərin cəsədi sudan çıxarılıb.

Sağ qalan miqrantlar gəminin göyərtəsinə götürüldükdən sonra dənizçilərimiz tərəfindən isti yemək və geyimlə təmin olunub, həmçinin onlara digər zəruri əşyalar verilib.

Miqrantlar aidiyyatı üzrə təhvil veriləcəklər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet