ASCO “Caspian Ecology 2019” sərgisində stendlə təmsil olunur

13.11.2019

“Bakı Ekspo Mərkəzi”ndə X Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisi başlayıb.

Bir çox yerli və beynəlxalq təşkilatın iştirak etdiyi sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) də xüsusi stendlə təmsil olunur.

Sərgidə ziyarətçilərə bildirilib ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Bundan başqa, vurğulanıb ki, Gəmiçiliyin donanmaları davamlı olaraq bütün ekoloji standartlara cavab verən  yeni gəmilərlə zənginləşir. Hazırda Bakı Gəmiqayırma Zavodunda tikilən iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə və  dörd  yeni nəsil tanker də ekoloji nöqteyi-nəzərdən  beynəlxalq tələb və normalara tam cavab verəcək.

Qeyd edək ki, ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə Gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verilir. Bundan başqa, ətraf mühitin mühafizəsi istiqamətində aparılan ekoloji proseslərin Gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş olunur.

Sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Təşkilatçılar bildirir ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil  edilən ən iri tədbirdir.

Üç gün davam edəcək “Caspian Ecology 2019” beynəlxalq sərgisi işgüzar əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə kömək edəcək, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işə əlavə təkan verəcək.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet