Regionda yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan yeganə təhsil ocağı

Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaranması dənizçilik təhsilinin inkişafının yeni mərhələsinin başlanğıcı oldu.

Ulu öndər Heydər Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti olaraq təkcə Gəmiçilik üçün deyil, dünya sularında üzən yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Yarandığı ilk gündən Akademiya ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul olunduğu Beynəlxalq Dəniz Təşkilatının  “Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında” 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək  BDT tərəfindən qəbul edilib.  Akademiya 012 sayı altında  dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki A.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-metodiki şurasinin üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və müxtəlif ölkələrin 19 ali dənizçilik məktəbi ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiyanın fəaliyyəti çoxşaxəli olmaqla, həm yüksəkixtisaslı dənizçi kadrların hazırlanması, həm də onların ixtisasartırma və yenidən hazırlanması istiqamətlərilə müşayiət olunur.  Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 saylı qərarı ilə “Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi” yaradılıb. 2014-cü ildən isə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılmasını Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi həyata keçirir. Təlim Tədris Mərkəzinin əsas məqsədi gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərin Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun hazırlanmasıdır. Təlim Tədris Mərkəzində 31 adda kurslar üzrə dinləyici hazırlığı həyata keçirilir.

Gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi məqsədilə müasir avadanlıq və trenajorlarla təminat prosesi ardıcıl şəkildə davam etdirilir.

Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) TTM-də  apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABS-in uyğunluq sertifikatını əldə edib.

Gəmiçiliyin daim yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərtilə reallaşır. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin əsas kadr sütünu olan ADDA Cəmiyyət və onun sədri Rauf Vəliyevin daim diqqət və qayğısı ilə əhatə olunub. Təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunların işlə təmin olunması (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, Qara dənizdəki gəmilərə üzmə təcrübəsinə göndərilməsi, təqaüd proqramının tətbiqi, habelə sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin nəticəsidir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) müasir standartlara yüksək səviyyədə cavab verən  tədris prosesi qurulub.

Hazırda ADDA-da 2 fakültə və 6 kafedra fəaliyyət göstərir. Akademiyada 1000-ə yaxın tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 6 professor, 30 dosent, 47 baş müəllim və 17 assistent müəllim məşğul olur. Burada 4 ixtisas – “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik mühəndisliyi” , “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” – üzrə tədris həyata keçirilir.

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və Ukrayna vətəndaşları da təhsil alır.

Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri kimi tədris gəmisindən konvension ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur. 2017-ci ildən Tədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “Sabit Orucov” sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini keçirlər.

Akademiyada təhsil alan tələbələr tam təmirli, ödənişsiz yataqxana, gündə iki dəfə isti yemək, yay-qış  geyimlərilə ödənişsiz təmin olunur. Onların tələbatını ödəyən,  azərbaycan, rus və ingilis dillərində dənizçilik peşəsinə aid ədəbiyyatla təmin olunmuş İnformasiya-resurs mərkəzi,  yeməkxana, idman zalları, hovuz vardır.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıqçılıq Sənayesi Kolleci “Azərbaycan Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərini rəhbər tutaraq, Akademiyada Tələbə Elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.  Bu fəaliyyətin təsdiqi kimi 26-27 noyabr 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə respublikamızın əksər ali məktəblərinin iştirakı ilə ADDA-da keçirilən ümumrespublika ali məktəblərarası “Dil-karyeraya gedən yol”  müsabiqəsini qeyd etmək lazımdır. Beləcə, neçə ildir ki eyniadlı müsabiqəyə ev sahibliyi edən ADDA respublikamızın tələbə gənclərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyinin bir hissəsi olan ADDA gəncləri qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edən Prezident İlham Əliyevin “Neft gəlirlərini insan kapitalına çevirək”  devizi istiqamətində səylə çalışaraq, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Rektor: Heydər Əsədov

Ünvan: Bakı şəhəri, AZ1000, Zərifə Əliyeva küç., 18
Telefon: (+99412) 493 36 44
Faks: (+99412) 493 75 21
www.adda.edu.az
E-mail: akademiya@asco.az

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet