Strateji hədəflər və məqsədlər

Hədəf 1 – Səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafını təmin edən müasir gəmiçilik şirkətinin qurulması.

  • Məqsəd 1.1: Mərkəzləşdirilmiş korporativ idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi;
  • Məqsəd 1.2: Səmərəli idarəetmə üçün zəruri proqram təminatlarının tətbiqi;
  • Məqsəd 1.3: Gəmiçilik fəaliyyəti üzrə beynəlxalq sertifikatlaşmanın aparılması və aparıcı beynəlxalq təcrübənin tətbiqi;
  • Məqsəd 1.4: Xərclərin, strukturun və əməliyyatların optimallaşdırılması və səmərəliliyin təmin edilməsi;
  • Məqsəd 1.5: Gəmiçiliyin daha səmərəli fəaliyyət göstərən, səhmdara divident gətirən kommersiya təşkilatına çevrilməsi;
  • Məqsəd 1.6: Fəaliyyətdə şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlərin gücləndirilməsi.

Hədəf 2 – Əməliyyatların təhlükəsiz şəkildə və ətraf mühitə zərər vurmadan aparılması.

  • Məqsəd 2.1: KSƏTƏMM xidmətinin təkmilləşdirilməsi;
  • Məqsəd 2.2: Personala KSƏTƏMM standartlarının tələblərinin öyrədilməsi, onların bu sahədə maarifləndirilməsi;
  • Məqsəd 2.3: Dənizdə və quruda çirklənmənin qarşısının alınması üçün ətraf mühitin mühafizəsinin beynəlxalq ekoloji idarəetmə standartlarının tələblərinə uyğun davamlı təşkili.

Hədəf 3 – Güclü yerli kadrların hazırlanması.

  • Məqsəd 3.1: Güclü yerli dənizçi kadr potensialının hazırlanması və ölkədə dənizçi peşəsinin təbliği;
  • Məqsəd 3.2: Personalın peşəkarlığının davamlı inkişaf etdirilməsi və rifahının yaxşılaşdırılması.

Hədəf 4 – Biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi:

  • Xəzər dənizində yükdaşımalarda aparıcı mövqenin qorunub saxlanılması;
  • Xəzərdən kənarda fəaliyyətin genişləndirilməsi;
  • Ofşor xidmətlərin coğrafiyasının genişləndirilməsi;
  • Kənar müəssisələrə gəmi təmiri xidmətinin həcminin artırılması;
  • Digər biznes fəaliyyətlərinin genişləndirilməsi və gəlirliyinin artırılması.

ASCO-nun dayanıqlı inkişaf üzrə prinsipləri

Gəmiçiliyin dayanıqlı inkişaf konsepsiyası təbiətin bizə bəxş etdiyi təbii resurslardan istifadə edərkən onların tükənməməsi, bərpa olunması və cəmiyyətə daim xidmət etməsi, gələcək nəsillərə ötürülməsi, eləcə də yüksək sosial rifahın təmin edilməsi, maraqlı tərəflərin mənafeyinin qorunması və Gəmiçiliyin dayanıqlı dinamika ilə inkişaf etdirilməsini nəzərdə tutur.

Dayanıqlı inkişaf siyasətinin ekoloji aspektində ASCO aşağıdakı məsuliyyət və öhdəlikləri dərk edir və fəaliyyətində bu prinsiplərə riayət edir:

  • Ətraf mühitin mühafizəsi üzrə Gəmiçiliyin fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi;
  • Qəza hallarının qarşısının alınması və bu cür halların sayının minimal səviyyədə saxlanılması;
  • Gəmilərdə, eləcə də sahil qurğularında formalaşan maye, bərk və qaz (emissiyalar) halında olan tullantıların müvafiq qaydada idarə edilməsi və onların dənizə, quruya və atmosferə təsirinin qarşısının alınması;
  • Təmiz və içməli su resurslarının məhdudluğu nəzərə alınaraq, onlardan səmərəli istifadənin təmin edilməsi;
  • Dəniz suyundan müxtəlif texnoloji məqsədlər, eləcə də ballast sularından istifadə zamanı dəniz ekosisteminə mənfi antropogen təsirin minimuma endirilməsi, biomüxtəlifliliyin qorunması üçün beynəlxalq standartların tələblərinə riayət olunması;
  • Müxtəlif enerji resurslarından, o cümlədən elektrik və yanacaqdan qənaətlə və səmərəli istifadə olunması;
  • İstixana effekti yaradan zərərli qazların atmosferə emissiyasının idarə olunması və Azərbaycan Respublikası tərəfindən təqdim olunmuş Milli Səviyyədə Bəlirlənmiş Öhdəliklərin və MARPOL 73/78 konvensiyasının tələblərinə uyğun olaraq minimal səviyyədə saxlanılması;
  • İnnovasiyaların dəstəklənməsi yolu ilə ətraf mühit üçün daha əlverişli və mütərəqqi texnika və texnologiyaların tətbiqi.

100% səhmləri dövlətə məxsus olan iri gəmiçilik şirkəti olaraq ASCO cəmiyyət qarşısında sosial məsuliyyətini dərk edir və sosial faktorların uğurlu idarəetmənin ayrılmaz hissəsi olduğunu dəstəkləyir. Gəmiçiliyin dayanıqlı inkişaf siyasətinin sosial aspektləri aşağıdakı prinsipləri əhatə edir:

  • Peşə təhlükəsizliyi, sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində Gəmiçiliyin fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi;
  • İnsan resurslarının idarəedilməsi sahəsində səmərəliliyin əldə edilməsi, şəffaflığın təmin edilməsi, bütün əməkdaşlara bərabər imkanların yaradılması;
  • Personalın rifahının davamlı yaxşılaşdırılması;
  • Mütəmadi yenilənən texnika və texnologiyalarla işləməyi bacaran, beynəlxalq standartların tələblərini bilən və bunu iş prosesində tətbiq etməyi bacaran, müasir çağırışlara hazır olan güclü yerli kadrların yetişdirilməsi;
  • İrqindən, dinindən və yaxud hər hansı xüsusi qrupa mənsubluğundan asılı olmayaraq, hər bir əməkdaşa peşəkarlıq səviyyəsinin artırılması və karyera inkişafına nail olunması üçün bərabər imkanlar təmin edən sağlam iş mühiti yaradılması;
  • Gəmiçilikdə söz azadlığının, sərbəst fikir və mövqenin bildirilməsinin, ədalətli qərarların qəbul edilməsinin təmin olunması;
  • İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq tələblərinin Gəmiçilikdə tam təmin edilməsi;
  • Beynəlxalq dayanıqlılıq və biznes etikası prinsiplərinə zidd olan, o cümlədən uşaq və ya məcburi əməkdən istifadə, korrupsiya, insan haqlarının pozulması və bu kimi digər mənfi hallara yol verən bütün növ tərəflərlə əməkdaşlıqların qurulmaması;
  • Mövcud resurslar daxilində kimsəsiz uşaqlara, maddi durumu ağır ailələrə, məcburi qaçqın və köçkünlərə, əmək qabiliyyətini itirmiş şəxslərə maddi yardımların verilməsi;
  • Gənclərə dəstək göstərilməsi;
  • Ölkədə dənizçilik peşəsinin təbliği;
  • Ölkədə həyata keçirilən müxtəlif sosial xarakterli layihlərə dəstək göstərilməsi;
  • Personalın təlim və təhsilinə dəstəyin göstərilməsi;
  • Personalın məmnunluğunun və şirkətə bağlılığının gücləndirilməsi.

ASCO-nun dayanıqlı inkişaf siyasətinin iqtisadi aspektləri özündə aşağıdakı prinsipləri cəmləşdirir:

  • Səhmdar, eləcə də cəmiyyət üçün uzunmüddətli perspektivə yönəlmiş iqtisadi dəyərin yaradılması;
  • Səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafını təmin edən müasir gəmiçilik şirkətinin qurulması;
  • Fəaliyyətdə şəffaflığı və səmərəliliyi təmin edən aparıcı beynəlxalq korporativ idarəetmə sisteminin tətbiq edilməsi;
  • Donanmanın davamlı yenilənməsi və onun müasir tələblərə cavab verən səviyyədə saxlanılması;
  • Partnyorlarla birgə əməkdaşlıq şəraitində, Azərbaycan üzərindən keçən yükdaşıma marşrutlarına əlavə yüklərin cəlb edilməsi üçün müştərilərə əlverişli şərtlərin təqdim edilməsi, o cümlədən neft və qaz sənayesinə yüksək keyfiyyətli ixtisaslaşmış xidmətlərin göstərilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və etibarlı tərəfdaş imicinin qorunub saxlanılması;
  • Xərclərin optimallaşdırılması, izafi xərclərin aradan qaldırılması, gəlirlərdən səmərəli istifadə və maliyyə vəziyyətinin yaxşılaşdırılması yolu ilə dayanıqlı inkişafın təmin edilməsi;Sosial və ekoloji aspektlər nəzərə alınmaqla, risklərin müvafiq qaydada idarə olunması ilə biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi;
  • Ölkə iqtisadiyyatının inkişafı naminə yerli təchizatçı, eləcə də yerli istehsal və xidmətlərin dəstəklənməsi.

ASCO ekoloji, sosial və iqtisadi aspektlər üzrə yuxarıda sadalanan prinsip, məsuliyyət və öhdəlikləri rəhbər tutur və əməli tədbirlərlə fəaliyyətində onlara riayət olunmasını və praktikada tətbiqini qarşısına məqsəd qoyur. ASCO-nun dayanıqlı inkişaf sahəsində tutduğu siyasət ölkəmizin sərvəti hesab olunan Azərbaycan donanmasının inkişafının davam etdirilməsini, bu sərvətdən respublikamızın dayanıqlı inkişafı naminə istifadə olunmasını və onun gənc dənizçilərə layiqli səviyyədə ötürülməsini nəzərdə tutur.

Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə ASCO-nun öhdəliyi

BMT-nin tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 2016-cı ilin yanvarından qüvvəyə minmişdir. Azərbaycan Respublikası da təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. BMT tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədləri müəyyən edilmişdir (Diaqrama baxın). Ölkənin iri gəmiçilik şirkəti olaraq, birbaşa və ya dolayısı ilə ASCO öz fəaliyyəti və dəyər zənciri vasitəsilə bütün Dayanıqlı İnkişaf Məqsədlərinə təsir etmək imkanına malik olduğunu və dövlətimizin qarşısına qoyduğu hədəflərə çatmaqda məsuliyyətini dərk edir. ASCO öz fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırmaqla onların icrasına töhvə verir və qeyd olunan DİM-lərin reallaşdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Diaqram. Qlobal Dayanıqlı İnkişaf məqsədləri:

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet