ASCO-nun İdarə Heyəti onun kollegial icra orqanıdır. İdarə Heyətinin səlahiyyətləri ASCO-nun Nizamnaməsi ilə tənzimlənir. İdarə Heyətinin tərkibi 7 nəfərdən — ASCO-nun sədri, ASCO sədrinin birinci müavini və 5 sədrin müavinindən ibarətdir. İdarə Heyətinin işinə ASCO-nun sədri rəhbərlik edir. ASCO-nun sədrini və onun müavinlərini (İdarə Heyəti) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. ASCO sədrinin müavinləri, eyni zamanda ASCO-nun müvafiq idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin (daxili audit istisna olmaqla) rəhbəri vəzifəsini tuta bilərlər.

İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar ASCO sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. ASCO-nun İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, ASCO sədrinin (ASCO sədri olmadıqda, onun birinci müavininin) səsi həlledicidir. İdarə Heyətinin işinin təşkili ilə ətraflı məsələlər, o cümlədən İdarə Heyətinin iclaslarının təşkili və keçirilməsi, sədrinin və üzvlərinin səlahiyyətləri, protokolları və qərarları İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş İdarə Heyətinin Reqlamenti ilə tənzimlənir.

İdarə Heyətinin aşağıdakı vəzifələri və səlahiyyətləri vardır:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat vermək;
  • ASCO-nun illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri təqdim etmək;
  • ASCO-nun Nizamnaməsinə, habelə nizamnamə kapitalına dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
  • ASCO-nun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri ASCO-nun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;
  • aidiyyəti şəxslə dəyəri ASCO-nun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
  • ASCO-nun fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq etmək;
  • ASCO-nun xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxmaq;
  • ASCO-nun inkişaf strategiyasının formalaşdırılması barədə təkliflər vermək;
  • ASCO-nun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil etmək;
  • yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul etmək;
  • ASCO-nun daxili intizam qaydalarını müəyyən etmək;
  • ASCO-nun aparatının struktur bölmələrinin, törəmə hüquqi şəxslərinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən etmək;
  • ASCO-nun törəmə hüquqi şəxslərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul etmək;
  • ASCO-nun perspektiv inkişaf planı və digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarlar qəbul etmək;
  • ASCO-nun saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) ASCO-nun sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək;
  • Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada, ASCO-nun, törəmə hüquqi şəxslərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirmək, o cümlədən həmin əmlakı balansdan balansa, icarəyə və istifadəyə vermək, ASCO-nun iştirak etdiyi birgə layihələrə pay şəklində qoymaq, silmək (ləğv etmək), qiymətləndirmək, habelə təyinatını dəyişdirmək;
  • qanunvericiliyə uyğun olaraq, ASCO-nun, törəmə hüquqi şəxslərinin, habelə idarə, filial və nümayəndəliklərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarının təyinatı üzrə istifadə edilməsinə, bu torpaqlardan istifadə hüquqlarının ASCO-ya, törəmə hüquqi şəxslərinə, habelə idarə, filial və nümayəndəliklərinə ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq vermək;

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada ASCO-nun idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğvi, törəmə hüquqi şəxslərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərarlar qəbul etmək.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet