ASCO sədri Rauf Vəliyevin qeyri-rəsmi formatda gənc dənizçilərlə görüşü olub

02.07.2019

Gənclərə diqqət və qayğı, onların karyera yüksəlişi məsələləri ASCO-nun başlıca fəaliyyət istiqamətlərindəndir. Gənc kadrların hazırlanması, onların xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması, ADDA-da oxuyan tələbələrin stimullaşdırılması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) rəhbərliyinin daim diqqət mərkəzindədir.

Bu gün ASCO-nun sədri Rauf Vəliyevin  səhər yeməyi süfrəsi arxasında səmimi şəraitdə şirkətin müxtəlif strukturlarında çalışan gənc əməkdaşlar və gələcəyin dənizçiləri ilə keçirdiyi görüş də bu gözəl mərama xidmət edən tədbirlərdən idi.

Rauf Vəliyev öncə Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, hazırda Prezident İlham Əliyevin ölkədə gənclərin öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaratdığı şəraitdən danışıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi Prezident İlham Əliyev dənizçiləri, onların həyat səviyyələrinin daha da yaxşılaşmasını daim xüsusi diqqətdə saxlayır, mütəmadi tapşırıqlar verir, dənizçilik sahəsinin inkişafına yönələn təşəbbüsləri dəstəkləyir.

Sədr gənc dənizçi mütəxəssislərinin yetişdirilməsi üçün ASCO-da həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Əlavə edib ki, istedadlı və perspektivli gənclər hər zaman ASCO sıralarında öz yerlərini tuta bilirlər.

Rauf Vəliyev gənclərə tövsiyələrini də verib. Bildirib ki, uğur əldə etmək üçün hər kəs öz üzərində davamlı çalışmalı, daha çox oxumalı, vicdanlı və sədaqətli olmalıdır.

Qeyri-rəsmi formada keçən görüşdə gənclər onları düşündürən suallarla müraciət ediblər.  Suallar əsasən ASCO-nun kadr siyasəti, tədris və istehsalat təcrübələrinin təşkili, sosial problemlərin həlli, donanmanın yeniləşdirilməsi, tələbələrin işlə təminatı və s. məsələlər ətrafında olub. Bütün sualları ASCO rəhbərliyi  ətraflı cavablandırıb. Qeyd olunub ki, gələcəkdə də bu formatda görüşlər təşkil ediləcək.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet