«Akademik Zərifə Əliyeva» gəmi-bərəsində genişmiqyaslı təlim keçirilib – VİDEO

01.10.2019

ASCO-un «Akademik Zərifə Əliyeva» gəmi-bərəsində Dənizdə Üzmə Təhlükəsizliyi Xidməti və üçüncü tərəf audit xidməti tərəfindən genişmiqyaslı təlim keçirilib. Bu təlim üç  – ümumi gəmi həyəcanı, yanğınla mübarizə və gəmini tərk etmə istiqamətində aparılıb.

Ümumi gəmi həyəcan siqnalı – Hər hansı hadisə baş verdiyi zaman gəmi heyətinin toplanma yerinə yığılması üçün ümumi gəmi həyəcan siqnalı verilir.  Bu zaman hadisə tam dəqiqləşənədək heyət toplanma yerində növbəti təlimatı gözləməlidir. Heyət toplantı yerinə mütləq şəkildə xilasedici jilet və digər lazımi ləvazimatla gəlir. Baş köməkçi heyəti toplantı yerində “heyət siyahısına” görə yoxladıqdan sonra gəminin kapitanına məruzə edir. Bu, çox önəmlidir. Çünki, zərər çəkmiş varsa, həmin şəxsin xilası üçün əmin olmaq lazımdır.

Yanğın həyəcan siqnalı – Gəmidə hər hansı bir bölgədə yanğın olduqda  (miqyasından asılı olmayaraq) dərhal yanğın həyəcan siqnalı verilir. Bu zaman kəşfiyyat qrupu hərəkə keçir. Gəmidə iki istiqamətdə kəşfiyyat qrupu formalaşdırılır: göyərtə və mühərriklər bölməsi üzrə

Bu qruplardakı kəşfiyyatçılar yüksək səviyyədə təlim keçmiş gəminin bölmələri üzrə mütəxəssislərdən ibarət olur. Yanğınla mübarizəyə kəşfiyyat qrupunun rəhbəri başçılıq edir. Bu, adətən kapitanın ikinci köməkçisi olur. O, BKP (baş komanda postu) ilə daim əlaqə saxlayır, kəşfiyyat qrupunun hazırlığı haqqında məruzə edir və qrupun yanğın yerinə düzgün geyinərək, hər bir avadanlığı götürərək, bir sözlə, heç nəyi yaddan çıxarmayaraq getməsini təmin edir. Kəşfiyyat qrupunun kəşfiyyata getməsini ancaq kapitan təsdiqləyir. Kəşfiyyat qrupu öz növbəsində yanğın yerindən hər dəqiqə məlumatı ikinci köməkçiyə ötürür, ikinci köməkçi bu məlumatları BKP-ya məruzə edir. Nəticədə, ikinci köməkçi BKP-nin verdiyi təlimatları  kəşfiyyat qrupuna ötürür və kəşfiyyatçıların bu təlimatları dəqiq başa düşmələrindən əmin olur.

Gəmini tərk etmə siqnalı – Çıxış yolu qalmadıqda, yanğını söndürmək mümkün olmadıqda və ya hər hansı başqa səbəbdən gəminin batma təhlükəsi və ya batması zamanı qəbul olunan, yalnız gəminin kapitanının verdiyi qərardır. Bu zaman yenə də kapitanın göstərişinə əsasən xilasedici qayıq və ya xilasedici sal (çox vaxt da hər iki xilasetmə vasitəsi) heyətin gəmidən evakuasiyası üçün hazırlanır və suya buraxılır. Gəmidə “xilas etmə cədvəli”- nə əsasən, heyət cədvəldəki nömrələrə uyğun həmin xilasetmə vasitələrində yerlərini tutur.

Qeyd edək ki, ASCO-nun həm Dəniz Nəqliyyatı Donanmasına, həm də İxtisaslaşdırılmış Donanmasına aid gəmilərində bu cür təlimlər mütəmadi keçirilir.  ASCO sədri Rauf Vəliyevin nəzarətində olan təlimlər nəticəsində heyətin baş verə biləcək hadisələrə hazırlığı artırılır. Bu da, yüklərin və sərnişinlərin təhlükəsiz daşınmasını, əməliyyatların təhlükəsizlik qaydalarına uyğun icra edilməsini şərtləndirir. Bütün bunlar isə, ASCO-nun imicinin yüksəlməsinə, regionda daha etibarlı bir şirkətə çevrilməsinə gətirib çıxarır.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet